Almaniya Universitetlərinə müraciət 2 istiqamətdə aparılır: 1) birbaşa müraciət etməklə; 2) Uni-assist vasitəsilə:

Bəs Uni-assist nədir? Nə üçün Uni-assist məcburidir? Bu kimi suallara indi rahatlıqla cavab tapa biləcəksiz.

Uni-assist Berlində yerləşən və xidmət təminatçısıdır. Almaniyanın təxminən, 170 Universitetinə müraciət etmək üçün lazımi əlaqəni təmin edən mərkəz rolunu oynayır. Uni-assist bu xidməti onlayn müraciət prosesi haqqında ümumi məlumat verməklə və universitetlərin qəbul prosesi üçün tələb etdiyi müvafiq ərizə sənədlərini hazırlamaqla icra edir. Bu mərkəz ərizə prosesini asanlaşdırmaq, tələbələrin müxtəlif ölkələrdən gəlmələrinə, müxtəlif sertifikatlar və qiymətləndirmə sistemlərinə malik olmalarına baxmayaraq, bütün tələbələrin tələb olunan sənədlərə malik olmasını təmin etmək üçün xidmət göstərir. Uni-assist tələbənin təhsil proqramına qəbul olub-olmaması barədə qərar qəbul etmə səlahiyyətinə malik deyil. Onlar yalnız tələbənin bütün tələb olunan ərizə materiallarına malik olmasını və bütün rəsmi sənədlərin yoxlanılmasını təmin etməyə cavabdehdirlər. Hazırlıq prosesi tamamlandıqdan sonra sənədləri tələbənin müraciət etdiyi universitetə göndərirlər. Yadda saxlayın ki, onlar yalnız bir xidmət təminatçısıdır və hər hansı bir təhsil pilləsinə qəbulunuza heç bir təsir göstərə bilməzlər. Yadda saxlanmalı bir digər məqam isə bundan ibarətdir ki, bəzi universitetlər beynəlxalq tələbələr üçün müraciətlərini yalnız müəyyən dərəcə proqramları üçün Uni-assist-dən istifadə edir, lakin bu bütün dərəcə proqramlarına aid deyil. Buna görə də, üzv universitetlər siyahısında seçim etmək istədiyiniz universiteti axtarmaq əvəzinə, müraciət edəcəyiniz dərəcə proqramında Uni-assist istifadə edib-etmədiyini yoxlamaq lazımdır. Seçim edəcəyiniz universitet siyahıda olsa belə, universitetin həmin proqramına müraciət birbaşa universitet vasitəsilə və ya əksinə edilə bilər.

Uni-assist-in xidmətlərinə nələr daxildir?

  • Almaniyada təhsil meyarlarına uyğun olub-olmadığını müəyyən etmək üçün rəsmi sertifikatları qiymətləndirmək;
  • Qiymətləri Alman qiymətləndirmə sisteminə çevirmək;
  • Seçdiyiniz universitetlərin bütün qəbul tələblərini yoxlamaq;
  • Seçdiyiniz universitetin qəbul proseduru üçün tələb etdiyi bütün məlumatları və sənədləri qeydiyyata almaq;
  • Tələbələri qiymətləndirmənin nəticələri haqqında məlumatlandırmaq.

Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, Uni-assist tələbənin təhsil proqramına qəbul olub-olmaması ilə bağlı qərar vermir. Onlar yalnızca tələbənin bütün tələb olunan müraciət və rəsmi sənədlərə malik olmasını yoxlamağa cavabdehdirlər.

Əksər hallarda, ərizə proseduru birbaşa universitet vasitəsilə olsa da, sənədləri təsdiq edən Uni-assist olacaqdır. Qarışıq gələ bilər, lakin narahat olmayın, indi sizə tam şəkildə aydın izah edəcəyik:

Vorprüfungsdokumentation (VPD) – Bəzi universitetlərin müraciət prosesi birbaşa universitetlə aparılır və sadəcə müraciət etmək üçün tələb olunan sənədləri yoxlamaq üçün uni-assist xidmətlərindən istifadə edilir. Bu proses vasitəsilə tələbələr uni-assist tərəfindən təsdiqlənmiş sənədlərə sahib olduqdan sonra onlar VPD alırlar. Qısaca, VPD rəsmi sənədlərin yoxlanılmasından sonra Uni-assist tərəfindən tələbələrə verilən sertifikat kimidir və tələbələr müraciət edərkən VPD sertifikatını birbaşa universitetə təqdim edirlər. Tələbələr müraciət müddəti bitməzdən əvvəl VPD-ni universitetə təqdim etməlidirlər. VPD tələbələrin Uni-assist-ə hansı təhsil sertifikatlarını təqdim etdiklərini, bu sertifikatlarla hansı universitetə qəbulun mümkün olduğunu və Uni-assist-in Alman qiymətləndirmə sistemində qiymətləri necə qiymətləndirdiyi barədə məlumatları ehtiva edir. Xülasə, tələbələrin sənədləri bu halda Uni-assist tərəfindən yoxlanılır, lakin ərizə hələ də birbaşa universitet vasitəsilə həyata keçirilir.

Uni-assist vasitəsilə müraciət etmək necə mümkündür? – 6 asan mərhələ!

  1. Müraciət edəcəyiniz təhsil proqramının beynəlxalq tələbə müraciətlərini uni-assist vasitəsilə idarə edib etmədiklərini öyrənmək;
  2. Müraciətinizə baxılmasının nə qədər davam edəcəyini (həftələr və ya aylar) nəzərə alaraq, seçim edəcəyiniz təhsil proqramı üçün son tarixləri izləmək;
  3. Sənədləri hazırlamaq – Təhsil proqramınızın tələb etdiyi bütün sənədləri toplamaq, ölkənizdən asılı olaraq tələb olunan sənədləri yoxlamaq, bütün sənədləri rəsmi sertifikatlı tərcüməçiyə tərcümə etdirmək, hər bir sertifikat tərcüməsinin təsdiq edilmiş surətlərini əldə etmək, bütün tələb olunan sənədləri skan etmək;
  4.   Uni-assist onlayn portalında qeydiyyatdan keçdikdən sonra müraciət etmək istədiyiniz hər bir təhsil proqramı üçün onlayn ərizə yaratmaq və bütün tələb olunan sənədləri yükləmək;
  5.     Bütün təhsil proqramlarının ərizələri üçün xidmət haqqını ödəmək;
  6. Ərizə üçün tələb olunan bütün sənədlərin nüsxələri əldə etmək və onları poçtla   Uni-assistə təqdim etmək. 

Qeyd: Bu nüansları daima diqqətdə saxlamağınız və uni-asisst rəsmi saytından izləməyiniz vacibdir. Bir çox hallarda prosedurda cüzi dəyişikliklər ola bilər. Məsələn pandemiya ilə əlaqədər sənədlərin uni-assist mərkəzinə poçtla göndərilməsi tələb olunmur. 

Bəs bu xidmət neçəyə başa gəlir?

1-ci ərizə üçün xidmət haqqı 75 avro təşkil edir. Eyni semestr üçün istənilən əlavə ərizənin qiyməti isə 30 avrodur. Uni-assist vasitəsilə göndərə biləcəyiniz ərizələrin sayı üçün heç bir məhdudiyyət yoxdur, lakin unutmayın ki, universitetlər hər semestr üçün müraciətlərin sayını məhdudlaşdıra bilər. Seçdiyiniz universitetdə eyni vaxtda neçə təhsil proqramına müraciət edə biləcəyinizi dəqiqləşdirməlisiz.

Qeyd etmək lazımdır ki, beynəlxalq tələbə müraciətlərini uni-assist vasitəsilə qəbul edən bəzi universitetlər uni-assist müraciət haqqını özləri ödəyir. Ödəniş məsələsini universitet və seçdiyiniz təhsil proqramla dəqiqləşdirməyiniz tövsiyə olunur.